Kobaxidze: Gürcüstan Aİ-yə üzvlük kriteriyaları üzrə Ukrayna və Moldovadan irəlidədir
Gürcüstan bütün kriteriyalar üzrə Ukrayna və Moldovadan irəlidədir.
Bunu “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze Avropa Komissiyasının Gürcüstanla bağlı hesabatına münasibət bildirərkən deyib. O. bildirib ki, bu sənəd Gürcüstanın həm Moldovadan, həm də Ukraynadan irəlidə olduğunu göstərir.
“Biz praktiki olaraq bütün kriteriyalar üzrə Moldovadan irəlidəyik, bura fundamental məsələlər və nisbətən ikinci dərəcəli məsələlər daxildir. Digər sözlə, biz Moldovadan hər şeydə irəlidəyik və Gürcüstan və Moldova arasında fərq çox böyük və aşkardır. Ukraynaya gəldikdə isə biz başa düşürük ki, bu ölkə müharibə vəziyyətindədir və müəyyən sahələrdə yardıma ehtiyacı var. Məsələn müdafiə və təhlükəsizlik sahəsində Ukrayna bizdən irəlidədir və biz buna qısqanclıqla yanaşmırıq. Bu ölkə müharibə şəraitindədir və buna görə də o, qiymətləndirilərkən müəyyən güzəştlər qəbul edilib”, – deyə Kobaxidze keçirdiyi brifinqdə bildirib.