“Diaspor Gənclərinin IV Yay Düşərgəsi”nə qeydiyyat başlayıb
Azərbaycan Respublikasında 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar qədim Azərbaycan torpağı olan Naxçıvanda 2023-cü ilin 12-18 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” təşkil ediləcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edib. Düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Digər düşərgələrdə olduğu kimi, bu düşərgədə də gənclər ilk növbədə Azərbaycanla bağlarını daha da möhkəmləndirəcək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanları əldə edəcəklər.
Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil edilmiş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur, iştirak xərcləri (yol xərcləri, viza, yerləşmə, qidalanma və s.) tam şəkildə qarşılanacaq. Düşərgədə iştirak etmək üçün gənclər 1 iyun 2023-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir.
Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.
Əlavə məlumat üçün:
E-mail: [email protected]
Tel: +994 12 493 10 54
Mob: WhatsApp: +99450 762 25 95