Baş nazir: “Tövsiyələrin əksəriyyəti yerinə yetirilib” – FOTO

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb.

İclasda əsas müzakirə mövzusu Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi olub. İrakli Qaribaşvili Gürcüstanın Avropa Komissiyasının 12 prioritetinin yerinə yetirilməsi istiqamətində göstərdiyi səyləri Avropa İttifaqı Şurasının prezidenti ilə bölüşüb və qeyd edib ki, bu prosesdə hökumət Avropa İttifaqının təsisatları və üzv dövlətləri ilə daimi məsləhətləşmələr aparır.

Baş nazir ilin sonunda Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin vacibliyini xüsusilə vurğulayıb.

Baş nazirin sözlərinə görə, tövsiyələrin əksəriyyəti yerinə yetirilib və əldə olunan irəliləyişlərə görə, Gürcüstan ilin sonunda namizəd statusuna layiqdir.

İrakli Qaribaşvili qeyd edib ki, assosiasiya sazişi, Avropa İttifaqı ilə dərin və hərtərəfli azad ticarət məkanı, vizasız gediş-gəliş və Avropa perspektivinin verilməsi haqqında saziş Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişdir.

Tərəflər Ukraynada davam edən müharibə və onun regionda təhlükəsizlik mühitinə təsirindən də danışıblar.