Prezident Nika Qvaramiyanı əfv etdi

Gürcüstan prezidenti Salome Zurabişvili “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramiyanın əfv edilməsi haqqında sərəncam imzalayıb.

Prezident bununla bağlı bir neçə dəqiqə əvvəl keçirdiyi brifinqdə açıqlama verib.

“Bu gün mən Nika Qvaramiyanın əfv aktını imzaladım. Bu qərarın heç bir izahatını paylaşmaq fikrində deyiləm, çünki bu gün istifadə etdiyim ixtiyar hüququmdur. Sadəcə olaraq, Avropa Parlamentində, Brüsseldə dediyimi xatırlatmaq istəyirəm ki, belə bir qərar, prezidentin ixtiyar hüququ heç kimin təzyiqinə, məsləhətinə, tövsiyəsinə və ya hər hansı digər təhdidlərə məruz qalmır ki, əgər bunu etməsən belə olacaq, onu etməsən elə olacaq. Bu, prezidentin qərarıdır”, – deyə Salome Zurabişvili bildirib.

Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Məhkəməsi Nika Qvaramiyanı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib, Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı.