Aİ-yə üzv olmaq üçün 12 tövsiyədən yalnız 3-ü yerinə yetirilib
Gürcüstan Avropa İttifaqı (Aİ) namizədi statusu əldə edilməsi üçün Avropa Komissiyası tərəfindən təqdim edilmiş 12 tövsiyədən yalnız 3-nü yerinə yetirib.
Bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Gürcüstan, Ukrayna və Moldovanın islahatlar sahəsində əldə etdiyi tərəqqi ilə bağlı şifahi hesabatını təqdim edərkən deyib. O, qeyd edib ki, Gürcüstan gender bərabərliyi və qadınlara qarşı zorakılıq, AHİM qərarlarının nəzərə alınması, Ombudsmanın şəffaf proseslə müəyyən edilməsi sahələrində tövsiyələri yerinə yetirib.
Varhelyi 12 prioritet istiqamətdən 7-si üzrə bəzi irəliləyişlərin əldə edildiyini qeyd edib. Əlavə edib ki, bu irəliləyişlər qütbləşmə, seçki mühiti, şəffaf ədliyyə islahatları, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə sahələrindədir.