Qaribaşvili: Gürcüstan, Azərbaycan və Qazaxıstan “Orta Dəhliz”i daha cəlbedici etmək üçün birgə əməkdaşlıq edir

Gürcüstan, Azərbaycan və Qazaxıstan “Orta Dəhliz”i daha cəlbedici etmək üçün birgə əməkdaşlıq edir.

Bunu baş nazir İrakli Qaribaşvili Qazaxıstanın baş naziri Əlixan Smaylov ilə birgə mətbuat konfransında deyib:

“Orta Dəhliz məsələsi ölkələrimiz arasında müzakirə olunan əsas məsələlərdən biri olub. Ötən ilin noyabrında biz üçtərəfli memorandum imzaladıq, bu layihədə Azərbaycanla birlikdə iştirak edirik. Gürcüstan, Azərbaycan və Qazaxıstan bütün maneələri aradan qaldırmaq və “Orta Dəhliz”i daha cəlbedici etmək, dəhlizlə daşınan yüklərin həcminin artırılmasına nail olmaq üçün əməkdaşlıq edirlər. Bizim konkret yol xəritəmiz var ki, onu artıq Qazaxıstanla razılaşdırmışıq. Bu, təxminən 5 illik plandır. 2027-ci ilə qədər biz dəqiq bilirik ki, Gürcüstan, Azərbaycan və Qazaxıstan nə etməlidir”.

Baş nazir qeyd edib ki, Gürcüstan indi dəmir yollarının modernləşdirilməsinə mühüm investisiyalar qoyur və bu istiqamətdə işlər tezliklə başa çatdırılacaq. Hökumət başçısı görülən işlər çərçivəsində dəmir yollarının ötürmə qabiliyyətinin iki dəfə artırılacağını əlavə edib.

Qaribaşvili Gürcüstanın bu ilin oktyabrında dərin sulu Anaklia limanının inşasına başlayacağını qeyd edib.