Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə xüsusi poçt markası buraxılıb – FOTO

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xüsusi poçt markası çap olunub.

Dekabrın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Gürcüstanda çap olunan “Heydar Aliyev 100” markasının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilən tədbirdə səfir Faiq Quliyev, “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, “Azərpoçt” MMC-nin Marka şöbəsinin direktoru Sitarə Hüseynova, Gürcüstanın iqtisadiyyat nazirinin müavini Quram Quramişvili, İqtisadiyyat Nazirliyinin Rabitə, informasiya və müasir texnologiyalar departamentinin direktoru Eka Kubusidze, Gürcüstan Poçtunun beynəlxalq əlaqələr departamentinin rəisi Nuqzar Breqvadze və digər rəsmi şəxslər iştirak ediblər.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində və inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirib ki, məhz dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və şəxsi təşəbbüsləri nəticəsində ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri yeni müstəvidə inkişaf edərək daha da möhkəmlənib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilib. Gürcüstan hökuməti də bu tədbirlərin təşkilində və keçirilməsində yaxından iştirak edib. Ulu Öndərin yubileyinə həsr olunmuş “Heydar Aliyev 100” poçt markasının xüsusi tirajla çap olunması və Gürcüstan hökumətinin bu dəstəyi deyilənləri bir daha sübut edir.

Quram Quramişvili bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev gürcü xalqının yaxın dostu olub. Gürcü xalqı bu dahi şəxsiyyəti yaxşı tanıyır və dərin ehtiramla anır. O deyib ki, Heydər Əliyev dünyaşöhrətli və əhəmiyyətli siyasətçi idi. Məhz onun gərgin əməyi nəticəsində ölkələrimiz arasında əlaqələr yeni müstəvidə inkişaf edib, daha da möhkəmlənib.

“Xalqlarımız arasında dostluğun banisi olan Heydər Əliyev, eyni zamanda, regionda həyata keçirilən irimiqyaslı layihələrin də müəllifidir. Gürcüstanda poçt markalarının buraxılması dahi şəxsiyyətə olan hörmət və ehtiramın göstəricisidir”, – deyə Quramişvili vurğulayıb.

Səfir F.Quliyev, Q.Quramişvili və İ.Mustafayev “Heydar Aliyev 100” markasının çapı ilə əlaqədar müvafiq sənəd imzalayıblar.