Bəfalı Adıgözəlovun 65 illik yubiley tədbiri keçirilib – FOTO

Ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubiley tədbiri keçirilib.

Tədbirdə aşıqlar, şairlər, ziyalılar, eləcə də müxtəlif şəhər və rayonlardan gələn digər qonaqlar və Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən mərkəz və icma rəhbərləri iştirak ediblər.

“İnkişaf və Təhsil Mərkəzi”nin rəhbəri Emin Əhmədov B.Adıgözəlovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra aşıq haqqında sənədli film nümayiş etdirilib.

Sonra professor Mahmud Kamaloğlu B.Adıgözəlovun həyat və fəaliyyətindən danışıb. Bildirib ki, 1959-cu ildə Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olan B.Adıgözəlov uşaq vaxtından aşıq sənətinə böyük maraq göstərib. İlk dərsini də dövrünün ustad aşıqlarından olan Aşıq Əlidən alıb. O təkcə saz deyil, həm də zurna-balabanda da gözəl ifa edir.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ölkədə yaşayan aşıqların Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs edib. Diplomat Azərbaycan dövlətinin mədəniyyət xadimlərinə göstərdiyi qayğıdan da söz açıb, Aşıq Kamandarın ev-muzeyinin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, aşıq və sazbəndlik sənətini inkişaf etdirdiyinə görə B.Adıgözəlovun xidmətləri diqqətdən kənarda qalmayıb. B.Adıgözəlov Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspora fəaliyyətində xidmətlərinə görə” medalı ilə təltif edilib.

Marneuli şəhərinin meri Kənan Ömərov bildirib ki, məhz B.Adıgözəlov kimi ustadların xeyirxah əməlləri nəticəsində bu gün Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf edir.

Siyasi xadim Ruslan Hacıyev, şairə Səadət Buta və digərləri çıxış edərək aşıq və sazbənd B.Adıgözəlovun yaradıcılığından, sənət yolundan söz açıb, yazdığı şeirlərdən söyləyiblər.

Sonda ustad aşıqlar və Marneuli Aşıqlar Məktəbinin şagirdləri tədbirdə B.Adıgözəlovun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Bizi WhatsApp – da izləyin.