Çinin ən böyük hava yolu şirkəti Gürcüstana birbaşa uçuşlara başlayıb – FOTO

Gürcüstan Hava Limanları Birliyinin məlumatına görə, Çin Xalq Respublikasının ən böyük hava yolu şirkətlərindən biri olan Air China Gürcüstanın aviabazarında fəaliyyətə başlayıb.

Bildirilib ki, şirkət dünən gecə Boeing 737-800 təyyarəsi ilə Urumçidən Tbilisi Beynəlxalq Hava Limanına ilk birbaşa reysi həyata keçirib. Təyyarə ilə 98 sərnişin Gürcüstana gəlib, Tbilisidən isə Çinə 121 sərnişin yola düşüb. İlk reysin sərnişinləri və hava yolu şirkətinin nümayəndələri üçün TAV Georgia tərəfindən Tbilisi Beynəlxalq Hava Limanında qarşılama mərasimi təşkil olunub.

İki ölkə arasında vizasız rejimin qarşılıqlı tətbiqindən sonra Çin hava yolları şirkətlərinin Gürcüstana marağı artıb. Gürcüstan Hava Limanları Birliyi Routes Asia 2024 aviasiya forumu çərçivəsində Air China ilə aktiv danışıqlar aparıb və bu danışıqların nəticəsində fəaliyyətə başlanılıb. Hazırda birliyin Çin Xalq Respublikasının və Gürcüstanın paytaxtları arasında birbaşa reyslərin təşkil olunması üçün şirkətlə danışıqları davam edir.

“Gürcüstanın aviasiya bazarında Çin Xalq Respublikasının ən iri hava yolu şirkətlərindən biri olan Air China fəaliyyətə başlayıb və ilk reysini Urumçidən Tbilisiyə həyata keçirib. Hal-hazırda reyslər Urumçi ilə Tbilisi arasında həftədə üç dəfə yerinə yetiriləcək. Tələbatın artacağı təqdirdə, şirkət reyslərin sayını artırmağa hazırdır. Bundan əlavə, şirkət Çin və Gürcüstan paytaxtları arasında birbaşa aviareyslərin təşkili məsələsini də nəzərdən keçirir. Air China, China Southern Airlines-dən sonra Gürcüstan aviabazarında fəaliyyət göstərən ikinci Çin aviaşirkətidir,” – deyə Gürcüstan Hava Limanları Birliyinin kommersiya departamentinin rəhbəri Vako Çilaşvili bildirib.

“2024-cü ilin yanvar-sentyabr aylarını əhatə edən dövrdə Çindən birbaşa yolla gələn turistlərin sayı 66,485 nəfər təşkil edib. Air China Gürcüstan aviabazarına daxil olan ikinci Çin aviaşirkətidir. 69 il əvvəl təsis edilən Air China Çin Xalq Respublikasının ən iri aviaşirkətidir, Star Alliance üzvüdür və dünyanın 183 ölkəsinə birbaşa reyslər həyata keçirir,” – deyə məlumatda qeyd olunub.

Bizi WhatsApp – da izləyin.