Bolnisidə polis və sakinlər arasında qarşıdurma: Çox sayda vətəndaş xəstəxanaya yerləşdirilib – RƏSMİ

Daxili İşlər Nazirliyi Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində baş verən hadisələrlə bağlı əlavə məlumat yayıb.

Nazirliyin yaydığı məlumatı olduğu kimi təqdim edirik:

“Mərkəzi avtomobil yolunda iki azyaşlının həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yerli sakinlər hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib.

Qarşıdurma həm hadisə yerində toplanan vətəndaşlar arasında, həm də ictimai qaydanı qorumaq məqsədilə hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə vətəndaşlar arasında baş verib.

Toplanan şəxslər həm yol qəzasında iştirak edən nəqliyyat vasitəsini, həm də təcili tibbi yardım avtomobilini aşırıblar.

Bundan əlavə, onlar digər vətəndaşların avtomobillərinə ziyan vuraraq pəncərələrini sındırıblar.

Toplanmış şəxslər yol qəzasında iştirak edən nəqliyyat vasitəsinin sərnişinlərinin hərəkət etməsinə mane olub, həmçinin hüquq-mühafizə orqanlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım həkimlərinin işini yerinə yetirməsinə mane olublar.

Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, cinayətkarlıq və xüsusi tapşırıqlar departamentinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qarşıdurmalar nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı müxtəlif növ xəsarətlər alıb və 8 vətəndaş yaralanıb. Onlara müvafiq tibbi yardım göstərilib. Yaralananların bir hissəsi hələ də tibb müəssisələrində qalır.” – deyə məlumatda bildirilib.

Bizi WhatsApp – da izləyin.