Parlament İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib

Parlament “Gürcü Arzusu” partiyasının baş nazirliyə namizədi İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətə etimad göstərib.

İrakli Kobaxidze bu gün parlamentin plenar sessiyasında hökumət proqramını deputatlara təqdim edib. Daha sonra yeni hökumətə etimad səsverməsi keçirilib. 105 parlament üzvünün qeydiyyatdan keçdiyi səsvermədə 84 deputat lehinə, 10 deputat isə əleyhinə səs verib.

Gürcüstan qanunvericiliyinə görə, parlamentin hökumətə etimad göstərməsi üçün 76 deputatın dəstəyi kifayət edir.

Qeyd edək ki, nazirlər kabinetinin tərkibində yeganə dəyişiklik müdafiə naziri Cuanşer Burçuladzenin İrakli Çikovani ilə əvəzlənməsidir. İrakli Kobaxidze daha əvvəl açıqlamasında sabiq müdafiə nazirinin öz istəyi ilə vəzifəsindən ayrıldığını və başqa sahəyə yönəlmək istədiyini bildirib. Kabinetin digər nazirləri öz vəzifələrində qalıblar.