Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd edilib – FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisidə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Tədbirdə Parlamentin sədri Şalva Papuaşvili, parlamentin deputatları, elm və ictimaiyyət nümayəndələri, din xadimləri, Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Gürcüstanın Dövlət himnləri səsləndirilib, daha sonra 28 May – Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Səfir Faiq Quliyev çıxış edərək bildirib ki, Tbilisidə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri Müstəqillik Gününün qeyd olunması xüsusi məna və rəmzi xarakter daşıyır. Gürcüstan Azərbaycan Xalq Cümhuriyyətinin adı və taleyi ilə sıx bağlı olan ölkədir.

“1918-ci il mayın 28-də xalqımızın müstəqillik əzmini nümayiş etdirən İstiqlal Bəyannaməsi məhz Tbilisi şəhərində qəbul edilib. Biz fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub.” – deyə səfir bildirib.

Azərbaycan xalqı beşinci ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. 2020-ci ildə dövlətlə xalqın şəksiz birliyi sayəsində, 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük Qələbə qazanmış, 30 il ərzində həlli uzadılan münaqişəyə son qoyulmuşdur.

Sonra parlamentin sədri Şalva Papuaşvili çıxış edərək bildirib ki, Gürcüstan və Azərbaycanın eyni vaxtda müstəqillik elan etməsindən yüz ildən çox vaxt keçir. Bu hadisə təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyət daşıyırdı. O vaxt əcdadlarımız sivil dünyanın qabaqcıl xalqlarını təmsil etdiklərini təsdiqlədilər, çünki Gürcüstan parlamentdə mütərəqqi sosial-demokrat çoxluğu seçən ilk ölkə, Azərbaycan isə demokratik idarəçiliyə malik ilk müsəlman ölkəsi idi.

Papuaşvili qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra hər iki ölkə azadlıq, suverenlik və demokratik idarəetmənin inkişafı uğrunda mübarizə əzmi ilə yeni yola qədəm qoyub. O vaxtdan bəri ölkələrimiz arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edərək möhkəm və hərtərəfli strateji tərəfdaşlığa çevrilib.

Gürcüstan və Azərbaycan arasında dostluq və məhsuldar münasibətlər təkcə coğrafi yaxınlıq ilə bağlı deyil, həm də çağırışlarla dolu müasir dəyişən dünyada yeni və xüsusi əhəmiyyət kəsb edən çoxillik xalqlararası dostluq və əməkdaşlığa əsaslanır.

“Mən şadam ki, qanunvericilik orqanlarımız arasında əlaqələr intensiv şəkildə inkişaf edir”, – deyə Papuaşvili vurğulayıb.

Tədbir sonra konsert proqramı ilə davam edib.

Bizi WhatsApp – da izləyin.