Gürcüstanda “təkfirçilər camaatı” adlanan qrupun üzvləri saxlanılıb – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin antiterror Mərkəzi tərəfindən, xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım faktı üzrə aparılan istintaq çərçivəsində, məhkəmə qərarına əsasən, Acarıstan bölgəsində eyni vaxtda 5 müxtəlif ünvanda xüsusi əməliyyat keçirilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Nəticədə 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Antiterror Mərkəzinin həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində toplanmış sübutlara əsasən, müəyyən terror fəaliyyətləri aşkar edilib. Terror ideologiyası ilə formalaşmış, “təkfirçilər camaatı” adlanan qrupun üzvlərinin, xarici ölkədə yerləşən “İŞİD” (İslam Dövləti) terror təşkilatının nüfuzlu liderləri ilə əlaqələri müəyyən olunub. Onların göstərişləri və gələcək terror məqsədləri naminə, qrup üzvləri radikal-ekstremist ideologiya əsasında birləşmişdilər. Onlar digər din nümayəndələrinə qarşı xüsusi aqressiv davranışla seçilirdilər.

İş materiallarına əsasən, adıçəkilən qrupun üzvləri “İslam Dövləti” terror təşkilatının nüfuzlu üzvlərini qanunsuz yolla Gürcüstana gətirməyi və onların rəhbərliyi altında müəyyən “plasdarm” yaratmağı planlaşdırırdılar. Bu yolla onlar həmfikirlərinin qanunsuz qarşılanmasını, yerləşdirilməsini, logistika təminatını həyata keçirməyi və Gürcüstan ərazisini terror məqsədləri üçün tranzit kimi istifadə etməyi nəzərdə tuturdular.

Bu gün səhər tezdən aparılmış istintaq tədbirləri nəticəsində terror simvollarını əks etdirən əşyalar, partlayıcı maddələr, çoxlu sayda döyüş sursatı və odlu silahlar, hərbi avadanlıqlar, mobil telefonlar və digər elektron məlumat daşıyıcı cihazlar, müxtəlif valyutalarda böyük miqdarda pul və istintaq üçün əhəmiyyətli digər sübutlar götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 328-ci maddələri ilə aparılır ki, bu da odlu silahların, döyüş sursatının, partlayıcı maddələrin qanunsuz əldə olunmasını və saxlanmasını, eləcə də xarici ölkənin terror təşkilatına qoşulmanı və terror fəaliyyətinə yardımı nəzərdə tutur.

Cinayət 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.