Qəbir satan şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin İstintaq Baş İdarəsinin Mərkəzi İstintaq İdarəsinin əməkdaşları tərəfindən kommersiya rüşvəti faktı üzrə Tbilisi Şəhər Meriyasının tabeliyində olan “HERMES” MMC-nin nəzarətçi əməkdaşı saxlanılıb. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb.

DTX-nın məlumatına görə, söhbət kommersiya rüşvətindən – konkret olaraq, Tbilisinin Muxatgverdi qəbiristanlığının ərazisində “HERMES” MMC-nin əməkdaşının pul müqabilində qəbir yerinin qanunsuz satılması faktından gedir.

“İstintaq zamanı müəyyən edilib ki, Tbilisi Şəhər Meriyası tərəfindən yaradılmış “HERMES” MMC-nin Muxatgverdi qəbiristanlığının nəzarətçisi, baxmayaraq ki, Muxatgverdi qəbiristanlığı Tbilisi Şəhər Meriyasının tabeliyindədir və qanuna görə ölüm haqqında arayış olmadan qəbir yerinin satılması mümkün deyil, vətəndaşa vəd edib ki, ölüm haqqında arayış təqdim olunmadan Muxatgverdi qəbiristanlığında yerləşən üçyerlik qəbiri ona mülkiyyət kimi verəcək və qəbirin sənədini hazırlayacaq. Həmin sənəddə vətəndaşın mərhum babasının məlumatları qeyd olunacaqdı və guya həmin şəxs artıq orada dəfn olunmuş kimi müvafiq yazı aparılacaqdı. Bunun müqabilində isə 4600 lari tələb edib.

2025-ci il 3 və 5 noyabr tarixlərində vətəndaş tələb olunan məbləğin bir hissəsini – 2100 lari verib.
2025-ci il 14 noyabrda isə qəbiristanlığın nəzarətçisi vətəndaşa qəbirin sənədini təqdim edib və qalan məbləği – 2500 larini alıb.

İstintaq çərçivəsində, məhkəmə qərarı əsasında həyata keçirilmiş gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiq edən audio və video materiallar əldə edilib. Göstərilən cinayət – kommersiya rüşvəti ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə aparılır ki, bu da 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda qeyd olunur.

Bizi WhatsApp – da izləyin.