Azərbaycanın Gürcüstandakı səfirliyi xəbərdarlıq edir
01.01.2026 tarixindən etibarən Gürcüstana səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaşından asılı olmayaraq) ən azından 30.000 (otuz min) lari (GEL) məbləğində tibbi və qəza sığortasına malik olmalıdırlar.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir:
“Sığorta ziyarətçinin Gürcüstanda olduğu bütün müddəti (gəldiyi gündən getdiyi günədək) əhatə etməlidir. Sığorta həm gürcü həm də digər beynəlxalq şirkət tərəfindən təqdim edilməklə, çap edilmiş və ya elektron formatda, gürcü və ya ingilis dillərində olmalıdır.
Sığorta müqaviləsində aşağıdakı məqamlar qeyd edilməlidir.
– Sığorta tərəflərinin adları;
– Sığorta müqaviləsinin əhatə etdiyi ərazi;
– Sığorta predmeti;
– Sığortanın başlama və bitmə vaxtı;
– Əhatə olunan konkret sığorta riskləri;
– Sığortanın dəqiq məbləği (limitləri) ;
– Sığorta depozitinin məbləği, ödəniş yeri və müddəti.
Gürcüstandan tranzit keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Gürcüstan ərazisinə daxil olmadıqları halda səyahət sığortası etdirmələri tələb edilmir. Bununla yanaşı beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən nəqliyyat vasitələrinin sürücülərindən sığorta tələb edilmir.”
Bizi WhatsApp – da izləyin.