Mağazalardan oğurluq edib, ucuz qiymətə satan cinayətkar dəstə belə saxlanıldı – VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi və ölkənin müxtəlif regionlarında ərzaq mağazalarından oğurluq edən, oğurlanmış əşyaları isə əvvəlcədən razılaşdırılmış şəkildə ticarət obyektlərinə təhvil verən mütəşəkkil cinayətkar qrupun 6 üzvünü, o cümlədən qrupun bir liderini saxlayıblar. Saxlanılanlar arasında oğurlanmış malları sonradan satış məqsədilə qəbul edən şəxslər də var. Saxlanılanlardan ikisi yetkinlik yaşına çatmayanlardır.
Bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze keçirdiyi brifinq zamanı bildirib.
“Cinayət işi üzrə aparılan istintaq, o cümlədən gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, qrupun lideri cinayət sxeminə yetkinlik yaşına çatmayanları, o cümlədən cinayət məsuliyyəti yaşına çatmamış azyaşlıları sistemli şəkildə cəlb edib. O, qrupun yetkinlik yaşına çatmayan üzvləri ilə əlaqədə olub və onları əvvəlcədən hazırlanmış plan əsasında Tbilisi və regionlarda oğurluq törədilən obyektlərə nəqliyyatla təmin edib.
Yetkinlik yaşına çatmayanlar obyektlərdən qanunsuz olaraq iri məbləğdə pul, ərzaq məhsulları, müxtəlif spirtli içkilər və siqaretlər ələ keçiriblər. Oğurlanmış məhsullar isə bazar dəyərindən aşağı qiymətə, əvvəlcədən razılaşma əsasında, Tbilisidə, Tevdore Mğvdeli küçəsində yerləşən ticarət mərkəzinə təhvil verilib. Oğurlanmış malların satışından əldə olunan cinayət yolu ilə qazanılmış vəsaitin əsas hissəsini qrupun lideri mənimsəyib.
Bundan əlavə, saxlanılan tacirlərin yaşayış evlərində və onlara məxsus mağazalarda aparılan axtarışlar zamanı oğurlanmış məhsulların satışından əldə edildiyi ehtimal olunan iri məbləğdə nağd pul, müxtəlif adda məhsullar, siqaretlər və spirtli içkilər müsadirə edilib.
İstintaq mütəşəkkil qrup tərəfindən törədilmiş oğurluq və cinayət yolu ilə əldə edilmiş əmlakın əvvəlcədən bilərəkdən əldə edilməsi və satışı faktları üzrə aparılır. Cinayətlər Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsi və 186-cı maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulub ki, bu da 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Daxili İşlər Nazirliyinin əməkdaşları cinayət sxeminə cəlb edilmiş digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması məqsədilə müvafiq istintaq tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu tip cinayətlər törədən hər kəs qanuna uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq.” – deyə Vaja Siradze bildirib.
- Bizi WhatsApp – da izləyin.