Qardabanidə gənc qızın ölümü ilə nəticələnən qəzada sürücü sərxoş olub

Kvemo Kartli polisi Qardabanidə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücünü isti izlərlə saxlayıb.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani rayon idarəsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan ölümü ilə nəticələnən hadisə ilə bağlı 1992-ci il təvəllüdlü M.M.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin 27 yanvar tarixində Qardabani bələdiyyəsi ərazisində sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs minik avtomobili ilə piyada hərəkət edən 2007-ci il təvəllüdlü A.K.-nı vurub. Aldığı xəsarətlər nəticəsində A.K. hadisə yerində həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yol-nəqliyyat hadisəsində təqsirləndirilən sürücünü isti izlərlə saxlayıblar.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.