Baş nazir: Biz bu qardaş dəstəyini heç vaxt unutmayacağıq

Baş nazir İrakli Kobaxidze müsəlmanları Ramazan və Novruz bayramı münasibətilə təbrik edib.

Bu barədə Hökumət administrasiyası məlumat yayıb.

“Müsəlman həmvətənlərimizi bir qədər gec də olsa, ürəkdən Ramazan Bayramı və baharın gəlişini simvolizə edən Novruz Bayramı münasibətilə təbrik edirik!

Bu il bu bayramlar ölkəmiz üçün çox ağır bir dövrə – bütün Gürcüstanın Katolikos-Patriarxı İlya II-nin vəfatına və milli matəm günlərinə təsadüf etdi.

Müsəlman icmasına göstərdikləri səmimi həmrəylik, ümumi kədərimizi bölüşmələri və bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi təşəkkürümü bildirirəm. Biz bu qardaş dəstəyini heç vaxt unutmayacağıq.

Məhz çətinlikdə və sevincdə bir yerdə olmaq bizim birliyimizin möhkəm təməlidir. Əsrlər boyu əcdadlarımız Gürcüstanın tarixini çiyin-çiyinə qurublar və biz də, bugünkü nəsillər, onun daha yaxşı gələcəyini birlikdə inşa edirik.” – deyə Baş nazirin təbrikində bildirilib.

İrakli Kobaxidze həmçinin, Patriarxın hər zaman müsəlman icmasına xüsusi hörmət və qardaşlıq sevgisi ilə yanaşdığını qeyd edib.

“O, qarşılıqlı hörmətin, dinc yanaşı yaşamanın və tolerantlığın canlı nümunəsi idi. Biz də bu böyük irsi davam etdirməyi əsas vəzifəmiz hesab edirik.

Bir daha bu böyük bayramlar münasibətilə sizi təbrik edirəm. Ailələrinizə sülh, sağlamlıq və bərəkət arzulayıram!” – deyə İrakli Kobaxidze bildirib.

Bizi WhatsApp – da izləyin.