Tbilisidə azyaşlılara qarşı ağır cinayətlər törədən şəxs ömürlük həbs edildi

Tbilisi Apellyasiya Məhkəməsi prokurorluğun şikayətini təmin edərək, azyaşlı ailə üzvünü zorlamada və digər ağır cinayətlərdə təqsirli bilinən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.

Prokurorluğun yaydığı məlumata görə, məhkəmədə araşdırılan sübutlarla müəyyən olunub ki, təqsirləndirilən şəxs yaşına görə köməksiz vəziyyətdə olan azyaşlı ögey övladını sistematik şəkildə zorlayıb, onun ləyaqətini alçaldan hərəkətlər edib və ona qarşı əxlaqsız xarakterli əməllər törədib.

İstintaq materiallarına əsasən, o, zərərçəkmişi narkotik vasitə istifadə etməyə sövq edib və mütəmadi olaraq ona marixuana çəkdirib. Həmçinin azyaşlının əks olunduğu pornoqrafik foto və videogörüntülər əldə edərək onları mobil telefonunda saxlayıb.

Prokurorluğun məlumatında qeyd olunur ki, təqsirləndirilən şəxs digər bir azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib, daha bir azyaşlıya münasibətdə isə seksual xarakterli başqa qanunsuz əməllər törədib.

Şəxs hüquq-mühafizə orqanları tərəfindən 18 oktyabr 2025-ci il tarixində saxlanılıb və ona qarşı bir sıra ağır cinayətlər, o cümlədən azyaşlıların cinsi toxunulmazlığına qarşı cinayətlər, pornoqrafik materialların saxlanılması, narkotik vasitələrin istifadəsinə cəlb etmə və qeyri-insani rəftar maddələri ilə ittiham irəli sürülüb.

Tbilisi Şəhər Məhkəməsi qərarında təqsirləndirilən şəxsi bütün ittihamlar üzrə günahkar bilərək ona 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdi. Lakin prokurorluq hökmün ağırlaşdırılması tələbi ilə apellyasiya şikayəti verib.

Tbilisi Apellyasiya Məhkəməsi prokurorluğun müraciətini təmin edərək təqsirləndirilən şəxs barəsində ömürlük həbs cəzası çıxarıb.

Bizi WhatsApp – da izləyin.