İrakli Qaribaşvili Səudiyyə Ərəbistanı Krallığının taxt-tacının varisi ilə görüşüb – FOTO
Baş nazir İrakli Qaribaşvili Səudiyyə Ərəbistanı Krallığının taxt-tacının varisi, Baş nazir, Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşüb.
Bu barədə Hökumət administrasiyasından məlumat verilib. Məlumata əsasən, Əl-Yamam sarayında təşkil edilən baş nazirin rəsmi qarşılanma mərasimindən sonra tərəflər iki ölkə arasında əməkdaşlığın müsbət dinamikasını nəzərdən keçirib və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Hökumət başçıları Asiya ilə Avropanı birləşdirən tranzit qovşağı və böyük potensiala malik nəqliyyat dəhlizi kimi Gürcüstanın artan rolunu və əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.
Onu da bildirək ki, müzakirə olunan məsələlər arasında turizm sahəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi perspektivləri də olub. Baş nazir turizmin Gürcüstan iqtisadiyyatının sürətlə inkişaf edən sahəsi olduğunu, Səudiyyə Ərəbistanı vətəndaşlarının vizasız rejimdən istifadə etdiyini, Səudiyyə Ərəbistanından gələnlərin sayının ildən-ilə artmasının məmnunluqla qarşılandığını qeyd edib. Görüşdə investisiya istiqamətləri də müzakirə olunub. İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan həm dövlət investisiya fondları, həm də özəl biznes baxımından Səudiyyə Ərəbistanı üçün cəlbedici ölkədir. Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti Səudiyyə Ərəbistanı Krallığından Gürcüstana daha çox investorun daxil olmasını alqışlayır.
Görüşdən sonra Əl-Yamam sarayında Gürcüstan hökuməti başçısının şərəfinə rəsmi nahar verilib. İrakli Qaribaşvili Səudiyyə Ərəbistanı Krallığının baş nazirini Gürcüstana səfərə dəvət edib.