Bolnisidə Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbir keçirilib – FOTO

Bolnisidə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 31-ci il dönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb.

Daha sonra XX əsrin ən böyük qətliyamlarından biri olan Xocalı soyqırımı ilə əlaqdar qonaqlara, mərkəzin gənclərinə geniş məlumat verilib.

Çıxış edənlər tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, torpaqlarımızı zaman-zaman işğal etmələrindən danışaraq Xocalı faciəsinin bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri olduğunu bildiriblər.

Mərkəzin direktoru Rezo Həsənov insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə törədilən qətliam nəticəsində Xocalı şəhəri darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar.

Mərkəzinin gəncləri bu hadisənin onların da yaddaşında böyük bir kədər izi buraxdığını, bu soyqırımı unutmayacaqlarını və unutdurmayacaqlarına söz veriblər.