Gürcü dilində nəşr olunmuş “Heydər Əliyev-100” adlı kitabın təqdimat tədbiri keçirilib – VİDEO

Tbilisidəki “Alyans Gənclər Mərkəzi”ndə gürcü dilində nəşr olunmuş “Heydər Əliyev-100” adlı kitabın təqdimat tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü və azərbaycanlı siyasətçilər, mərkəzin müəllimləri, eləcə də gənclər iştirak ediblər.

“Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrahova tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən siyasətçi Levan Mamaladze Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüb. Bildirib ki, Heydər Əliyevlə Gürcüstan Prezidenti Eduard Şevardnadze arasındakı möhkəm dostluq münasibətləri nəticəsində iki dost və qonşu ölkə tarixin ağır sınaqlarından alnıaçıq çıxıb.

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Rəsulov çıxışında səfirliyi Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar xüsusi tədbirlər planı hazırladığını, onlardan bəzilərinin artıq reallaşdığını diqqətə çatdırıb.

Sonda “Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova çıxış edərək, Heydər Əliyev barəsində olan kitabın Gürcüstanın ali təhsil ocaqlarına da paylanılacağını bildirib.

Məlumat üçün onu da bildirək ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev-100” kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans Gənclər Mərkəzi”nin layihəsi çərçivəsində işıq üzü görüb.