İliya Darçiaşvili: Gürcüstan Ermənistan-Azərbaycan dialoqunun qurulması üçün addımlar atmağa hazırdır

Gürcüstanın xarici siyasəti qonşu ölkələrə münasibətdə balanslaşdırılmış tərəfdaşlıq əlaqələrini və qarşılıqlı faydalı, praktiki əməkdaşlığa fokuslanır.

Bunu xarici işlər naziri İliya Darçiaşvili parlamentin “nazir saatı” formatında keçirilən dinləmədə çıxışı zamanı deyib.

XİN başçısı qeyd edib ki, Gürcüstan hökumətinin başlıca məqsədi sülh və sabitliyin, yaxşı qonşuluq münasibətlərinin və regionun iqtisadi inkişafının təşviq edilməsidir.

“Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində Gürcüstan iki qonşu ölkə arasında konstruktiv dialoq istiqamətində effektiv addımlar atıb. Biz Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində təbii roluna inandığımızdan (sülh prosesində) iştirakımızı davam etdirməyə hazırlığımızı bir daha vurğulayırıq”, – Darçiaşvili deyib.