Texniki Universitetin professoru döyülərək öldürülüb, cinayət işi üzrə Hüseynov…

Ötən ay fiziki zorakılığa məruz qalan Gürcüstan Texniki Universitetinin professoru 65 yaşlı Otar Gelaşvili dünyasını dəyişib.

RealNews.ge yerli mətbuata istinadən xəbər verir ki, hadisə baş verən gün Otar Gelaşvili Rustavi-Qaçiani ərazisində (Qardabani meşəsində) avtomobilinin yanında huşsuz vəziyyətdə tapılıb.

O, əvvəlcə Rustavi klinikasına, sonra isə Tbilisiyə aparılsa da, aldığı xəsarətlər o qədər ağır olub ki, ötən gün, sentyabrın 20-də dünyasını dəyişib.

Hadisədən ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları bir nəfəri, 23 yaşlı Sərkar Hüseynovu həbs ediblər. Saxlanılan şəxsin vəkili Zaza Naçkebia müsahibəsində bildirib ki, hücumun əsas iştirakçısı (Bayramov) Gürcüstan ərazisini tərk edib. Naçkebianın sözlərinə görə, onun müdafiə etdiyi Sərkar Hüseynov mərhumu tanımır və o, yalnız maddi sübut əsasında həbs edilib.

Vəkilin məlumatına görə, hücumun motivi kimi qisas göstərilir. Əldə olan məlumata görə, hücum Otar Gelaşvilinin akademik fəaliyyəti ilə bağlı deyil.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 117-ci (bir qrup şəxsin sağlamlığa qəsdən ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi üzrə 1 nəfər tutulub. İstintaq davam etdirilir.