AG FM-in bütün Gürcüstan ərazisində yayımlanması planlaşdırılır

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev “Promedia Group” MMC-nin (PMG) direktoru Cavid Neymətzadə ilə görüş keçirib. Görüş zamanı Gürcüstan ərazisində Azərbaycan və Gürcü dillərində yayımlanan AG FM (Azerbaijan & Georgian FM) radiostansiyasının fəaliyyəti müzakirə olunub.

RealNews.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Görüş zamanı PMG-nin direktoru bildirib ki, hazırda AG FM Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro ərazisində 101,5 FM, Rustavi, Qardabani, Tbilisi ərazisində isə 100,6 FM radio dalğalarında yayımlanır, gələcəkdə isə bütün Gürcüstan ərazisində yayımlanması planlaşdırılır. Qeyd edilib ki, AG FM-in fəaliyyətinin gücləndirilməsi üçün yaxın zamanda radiostansiyanın heyətinin daha da peşəkar komanda ilə əvəz olunacaq.

Səfir Faiq Quliyev AG FM-in fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, qeyd olunan radionun tezliklə Azərbaycanla Gürcüstan arasında dostluq simvolluna çevriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Səfir xüsusilə bildirib ki, Azərbaycan-Gürcüstan radiosunun yeni müasir formatda fəaliyyətini bərpa etməsi Gürcüstanda yaşayan Azərbaycanlılara da böyük hədiyyə olacaq.

Qeyd edək ki, dinləyicilərinə müxtəlif dövrlərin seçmə Azərbaycan və Gürcü musiqilərini təqdim edən AG FM 09.10.2014-cü il tarixində təsis edilmişdir. 2023-cü ildən etibarən isə radiostansiyanın idarəetməsi “Promedia Group Georgia” şirkətinə həvalə edilmişdir.

“Promedia Group Georgia” şirkəti Azərbaycanın Avto FM (107.7 FM), Radiospace FM (104 FM), Baku Hit FM (97.7 FM), Baku Retro FM (93.3 FM) radiostansiyalarını idarə edən “Promedia Group” MMC-nin (PMG) Gürcüstandakı törəmə şirkətidir. PMG-nin əsas fəaliyyət növünə FM radioların yaradılması, idarə edilməsi, radio reklam, radio “jingle”ların, ssenarinin yazılması, radio verilişlərin istehsalı daxildir.

Məlumat üçün onu da bildirək ki, AG FM rəsmi olaraq PMG şirkətinin nəzdində fəaliyyətinə 2023-cü ilin oktyabr ayından etibarən start verəcək.