Rustavidə Gürcüstan və Azərbaycanın Müstəqillik Günü qeyd olunub – FOTO

May ayının 25-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 26 May – Gürcüstanın, 28 May – Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, Rustavi şəhər 18 saylı və Qaratəhlə ictimai məktəbinin müəllimləri, eləcə də valideynlər iştirak ediblər.

Gürcüstan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsindən sonra Mərkəzin direktoru Raidə Dərziyeva çıxış edərək, hər iki dövlətin əsas bayramı olan Müstəqillik gününün əhəmiyyətindən və iki dost və qardaş xalqın azadlıq mübarizəsindən danışıb.

Sonra Mərkəzdə təhsil alan şagirdlər Azərbaycan və gürcü dillərində vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirib, milli rəqslər ifa ediblər. Daha sonra Qardabani rayonunun Qaratəhlə ictimai məktəbinin şagirdləri “Şirin dil” mahnısını ifa ediblər.