Təhsil naziri Qardabani və Marneuliyə səfər edib – FOTO
Kvemo Kartli bölgəsində yeni təmir edilmiş iki dövlət məktəbinin açılışı olub.
Təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze 1 saylı Qardabani ictimai məktəbində və Baydar kəndində məktəbdə görülən işlər və davam edən tədris prosesi ilə tanış olub.
Nazir məktəblərə baxış keçirərək, müasir standartlara cavab verən mühitdə təhsillərini davam etdirmələri münasibətilə müəllim və şagirdləri təbrik edib.
Hər iki məktəbdə tədris otaqları ilə yanaşı, elm və kompüter laboratoriyaları, akt zalı, açıq və qapalı idman infrastrukturu, istirahət məkanları yaradılıb.
Bundan əlavə, resurs otağı, həkim məntəqəsi, yeməkxana, kitabxana da mövcuddur. Məktəblər təhlükəsizlik sistemləri ilə təchiz olunub və əlilliyi olan insanlar üçün tam uyğunlaşdırılıb – lift, panduslar, uyğunlaşdırılmış vanna otağı təmin olunub. Məktəblərdə reabilitasiya işləri Təhsil və Elm Agentliyi tərəfindən həyata keçirilib. Layihələrin ümumi dəyəri 8,5 milyon laridən çoxdur.
Qeyd edək ki, Levan Devdariani adına 1 saylı Qardabani ictimai məktəbi 665 şagird, Marneuli bələdiyyəsinin Baydar ictimai məktəbi isə 400 şagird üçün nəzərdə tutulub.
Bizi WhatsApp – da izləyin.