Noyabr ayında havanın temperaturu necə olacaq? – BİR AYLIQ PROQNOZ

İqlim məlumatlarına əsasən, noyabr ayında orta temperatur oktyabr ayı ilə müqayisədə Şərqi Gürcüstanda 5–8°, Qərbi Gürcüstanda isə 4–6° aşağı enəcək.

Noyabr ayı üçün orta temperatur Kolxeti düzənliyi və Qara dəniz sahil zolağında +10, +13°, Kartli, Kaxeti və Qərbi Gürcüstanın dağlıq rayonlarında +5, +9°, Qərbi Gürcüstanın yüksək dağlıq zonasında və Şərqi Gürcüstanın dağlıq hissəsində +1, +6°, Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında isə -2° ilə +2° arasında dəyişəcəyi proqnozlaşdırılır.

Havanın mütləq maksimal temperaturu düzənlik və ovalıq ərazilərdə +25, +30°, dağlıq ərazilərdə +21, +26°, yüksək dağlıq rayonlarda +15, +20°-yə çatır. Havanın mütləq minimal temperaturu isə hər yerdə mənfidir: subtropik zonada -4, -9°, Şida Kartlidə -18, -21°, Şərqi Gürcüstanın yüksək dağlıq zonasında -20, -25°, Kvemo Kartli və Kaxetidə -8, -12°, dağlıq zonada -10, -15° təşkil edəcək. Sahil zolağında və Kolxeti düzənliyində şaxta orta hesabla 3 gün müşahidə olunacaq, Kartli və Kaxetidə isə 8–13 gün davam edəcək.

Oktyabr ayı ilə müqayisədə noyabrda atmosfer yağıntılarının miqdarı Gürcüstanın demək olar ki, bütün ərazisində azalır. Bu ayda da ən çox yağıntı Acaranın sahil zolağında müşahidə olunur — ay ərzində orta hesabla 250–300 mm. Qərbi Gürcüstanda ən az yağıntı Zemo Svaneti, Zemo İmereti və Raçaya düşür — burada yağıntının miqdarı 70–110 mm-dən çox olmur. Qərbi Gürcüstanın digər hissələrində noyabrda 130–230 mm yağıntı düşür.

Qərbi Gürcüstan

Qara dəniz sahil rayonları: Havanın aylıq orta temperaturu +11, +13° olacaq, bu da çoxillik orta göstəriciyə yaxındır. Ayın ayrı-ayrı dövrlərində gecə temperaturun +4, +1°-dək enməsi, bəzi günlərdə isə gündüz +22, +25°-yə yüksəlməsi mümkündür. Yağıntının miqdarı çoxillik orta göstəricidən az olacaq.

Kolxeti düzənliyi: Havanın aylıq orta temperaturu +11, +12° olacaq, bu da çoxillik orta göstəriciyə yaxındır. Ayın üçüncü ongünlüyündə gecə temperaturun +1, -2°-dək enməsi, bəzi günlərdə isə gündüz +22, +25°-yə qədər yüksəlməsi mümkündür. Yağıntının miqdarı çoxillik orta göstəricidən az olacaq.

Dağlıq və yüksək dağlıq rayonlar: Havanın aylıq orta temperaturu +7, +9° (yüksək dağlıq rayonlarda +2, +4°) olacaq ki, bu da çoxillik orta göstəriciyə yaxındır. Bəzi günlərdə gecə temperaturun -3, -6°-dək (yüksək dağlıq rayonlarda -9, -12°-dək) enməsi, gündüz isə +20, +23°-yə (yüksək dağlıq rayonlarda +15, +18°-yə) qədər yüksəlməsi mümkündür. Yağıntı çoxillik orta göstəricidən az olacaq.

Şərqi Gürcüstan

Kartli düzənliyi: Havanın aylıq orta temperaturu +6, +9° olacaq, bu da çoxillik orta göstəriciyə yaxındır. Bəzi günlərdə Şida Kartlidə gecə temperaturun -3, -6°-dək, Kvemo Kartlidə isə 0, -3°-dək enməsi mümkündür. Gündüz bəzi günlərdə +19, +22°-yə qədər yüksəlməsi gözlənilir. Yağıntı çoxillik orta göstəricidən az olacaq.

Kaxeti: Havanın aylıq orta temperaturu +7, +8° olacaq, bu da çoxillik orta göstəriciyə yaxındır. Bəzi günlərdə gecə temperatur -1, -4°-dək enə bilər, gündüz isə +18, +21°-yə qədər yüksələcək. Yağıntı çoxillik orta göstəricidən az olacaq.

Dağlıq və yüksək dağlıq rayonlar: Havanın aylıq orta temperaturu +4, +6° (yüksək dağlıq rayonlarda +2, +3°) olacaq, bu da çoxillik orta göstəriciyə yaxındır. Bəzi günlərdə gecə temperaturun -6, -9°-dək (yüksək dağlıq rayonlarda -14, -17°-dək) enməsi, gündüz isə +15, +18°-yə (yüksək dağlıq rayonlarda +12, +15°-yə) qədər yüksəlməsi mümkündür. Yağıntı çoxillik orta göstəricidən az olacaq.

Bizi WhatsApp – da izləyin.