NAZİRDƏN ŞAD XƏBƏR: Dövlət universitetlərində təhsil tam təmənnasız olacaq – VİDEO
“Biz artıq dövlət və ya özəl universitetə daxil olmuş bütün tələbələrə indiyədək onlara təqdim olunan eyni maliyyələşdirmə mexanizmini təmin edəcəyik. 2026-cı ildən isə dövlət universitetlərinə daxil olan bütün tələbələrin təhsilini tam şəkildə dövlət maliyyələşdirəcək, yəni onlar üçün ali təhsil pulsuz olacaq”, – deyə Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze bildirib.
“Ali təhsil sisteminin milli islahatının elan olunduğu gündən dəfələrlə qeyd etmişik ki, islahatın əsas vurğusu dövlət universitetlərinə edilir. Məhz dövlət universitetləri bazar araşdırmaları və ehtiyacları əsasında dövlətin sifarişlərini yerinə yetirməlidirlər. Buna uyğun olaraq, əsas maliyyə resurslarının yönləndirilməsi də bu prinsip əsasında həyata keçiriləcək. Bu, yenilik deyil. Özəl universitetlərə də əvvəlcədən məlum idi ki, yeni maliyyələşmə modeli tam şəkildə dövlət universitetlərinə yönələcək.
Özəl universitetlərə gəlincə, növbəti tədris ilində özəl universitetlərə daxil olacaq tələbələr dövlət tərəfindən təqaüd və ya qrant dəstəyi almayacaqlar. Bir daha izah edirik ki, artıq tələbə statusu olan — ikinci, üçüncü, dördüncü kurs tələbələri, eləcə də magistratura tələbələri üçün bu məhdudiyyət tətbiq olunmayacaq və onlar üçün mövcud maliyyələşmə komponenti qüvvədə qalacaq”, – deyə nazir qeyd edib.
Givi Mikanadze həmçinin xarici tələbələrlə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, xarici tələbələrin dövlət universitetlərinə qəbulunda müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
“Xarici tələbələrlə bağlı olaraq, növbəti tədris ilindən dövlət universitetlərinə qəbul zamanı müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Bunun üçün qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır ki, həmin dəyişikliklərə əsasən, istisna hallar xaric, dövlət universitetlərinə xarici tələbələrin qəbulu mümkün olmayacaq. İstisna kimi qarşılıqlı razılaşmalar, mübadilə və xüsusi proqramlar nəzərdən keçiriləcək ki, bu proqramlar müəyyən universitetlərdə fərqli formatlarda mövcuddur.
Vacib məqam ondan ibarətdir ki, Gürcüstanda təhsil almaq istəyən bütün xarici tələbələr özəl universitetlərə sənəd verə biləcəklər. Bildiyiniz kimi, hazırda fəaliyyət göstərən 64 ali təhsil müəssisəsindən cəmi 19-u dövlət, 45-i isə özəldir. Buna görə də onlar sərbəst şəkildə seçim edə və istədikləri özəl ali təhsil müəssisəsində, istədikləri proqram üzrə təhsillərini davam etdirə biləcəklər.”
Bizi WhatsApp – da izləyin.
