Taksi sürücülərinə daha bir şad xəbər: Bu dəfə silinəcək
Taksi sürücüləri 2025-ci il 1 noyabr tarixinədək sərnişin daşımaları üzrə “A” kateqoriyalı icazənin verilmə haqqı ilə bağlı borclardan azad ediləcəklər. Bu qərar bu gün Tbilisi Şəhər Şurasının iclasında dəstəklənib.
Məsələ ilə bağlı bu gün Tbilisi Şəhər Şurasının Nəqliyyat Məsələləri Komissiyasının sədri Şalva Oqbaidze açıqlama verib və qərarı müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu gün qəbul edilən qərar müxtəlif səbəblərdən borc yığılmış insanlara qarşı bir növ həmrəylik nümayişidir.
“Bu qərara görə təşəkkürümü bildirmək istəyirəm. Mənim fikrimcə, bu, sürücülərə qarşı həmrəyliyin ifadəsidir. Bu insanların müxtəlif səbəblərdən borcu yaranmışdı və həmin borclar bu dəfə silinəcək. Gələn ildən isə bu istiqamətdə nəzarət daha da sərtləşdiriləcək”, – deyə Şalva Oqbaidze bildirib.