Məktəblərə 9 yanvaradək vaxt verilib – BU İŞLƏR YEKUNLAŞDIRILMALIDIR

Təhsil İdarəetmə İnformasiya Sistemi (EMIS) məktəblər üçün vacib məlumat yayıb. Bildirilib ki, ümumtəhsil müəssisələri elektron jurnalda mövcud olan məlumatları 2026-cı il 9 yanvar tarixinədək (daxil olmaqla) redaktə etmək hüququna malik olacaqlar.

Təhsil Nazirliyinin tabeliyində olan qurum məktəblərə müraciət edərək, elektron jurnalın düzgün aparılması və semestrin problemsiz başa çatdırılması məqsədilə tarixlərə və aşağıda göstərilən məsələlərə diqqət yetirməyə çağırır:

  • Ümumtəhsil müəssisələri tərəfindən ümumi təhsilin idarə edilməsi informasiya sistemində (eSchool) fənlərin əlavə edilməsi bəzi hallarda düzgün aparılmayıb ki, bu da elektron jurnalda fərqli qiymətləndirmə növlərinin aktivləşməsinə səbəb olub. Xüsusilə, seçmə fənlər əsas/məcburi fənlər kimi əlavə edilib və nəticədə onların elektron jurnalında yekun qiymətləndirmə aparılıb. Seçmə fənlərin əlavə edilməsi zamanı adında “seçmə” sözü göstərilən fənn seçilməlidir. Məcburi əlavə təhsil xidməti ilə bağlı isə həmin fənn “əlavə xidmət” adı ilə əlavə olunmalıdır;
  • Ümumi təhsilin idarə edilməsi informasiya sistemində (eSchool) siniflər vaxtında yaradılmalı və şagirdlər düzgün şəkildə bölüşdürülməlidir. Məlum olduğu kimi, bu məlumatlar da elektron jurnal tərəfindən eSchool sistemindən ötürülür. Elektron jurnalda əks olunan məlumatların düzgünlüyünün müəllimlər tərəfindən vaxtında yoxlanılması vacibdir;
  • Ümumi təhsilin idarə edilməsi informasiya sistemində (eSchool) dərs cədvəlindən həmin dərsdə iştirakı nəzərdə tutulmayan şagird vaxtında çıxarılmalıdır. Eyni zamanda, mövcud şərait dəyişdikdə, həmin şagirdlər vaxtında əlavə edilməlidir;
  • Elektron jurnalda qiymətləndirilməmiş yekun işlərin qiymətləri vaxtında əks etdirilməlidir;
  • Elektron jurnalda özəl məktəbdən mobil əsaslarla keçən şagirdlərin əvvəlki məktəbdə aldıqları qiymətlər və davamiyyət göstəriciləri vaxtında daxil edilməlidir;
  • Əgər ümumi təhsilin idarə edilməsi informasiya sistemində (eSchool) dərs düzgün əlavə edilibsə, lakin sonradan həmin dərsdə hər hansı dəyişiklik baş verirsə (müəllimin, dövrün, ardıcıllığın və s. dəyişməsi), mütləq şəkildə həmin dərs ləğv edilməlidir. Dərsin silinməsinə yol verilməməlidir, çünki bu halda elektron jurnalda əks olunan məlumatlar da silinir və onların bərpası mümkün olmur;
  • Ümumi təhsilin idarə edilməsi informasiya sistemində (eSchool) məktəb administrasiyası tərəfindən qəbul olunmuş şagirdlərin siniflərə və paralel siniflərə bölüşdürülməsi vaxtında həyata keçirilməlidir. Müəllimlər isə şagirdlərin qiymətləndirilməsi və davamiyyət göstəriciləri ilə bağlı məlumatları elektron jurnalda vaxtında əks etdirməlidirlər.

Bizi WhatsApp – da izləyin.