Yanğında ölənlərin sayı 60 nəfəri ötüb, 300 nəfər itkin düşüb – HONKONQDA FACİƏ

Honkonqdakı çoxmərtəbəli yaşayış kompleksində baş verən yanğın nəticəsində son məlumata görə, 65 nəfər həlak olub, təxminən 300 nəfər itkin düşmüş sayılır, 70 nəfər isə xəsarət alıb.

Bu barədə məlumatı “Reuters” yayıb.

Honkonq polisinin məlumatına görə, çoxmərtəbəli yaşayış kompleksində baş vermiş yanğınla bağlı tikinti şirkətinin iki direktoru və mühəndis-məsləhətçi saxlanılıb. Şirkətin ofisində aparılan axtarış zamanı sənədlər, kompüterlər və mobil telefonlar götürülüb.

“Bizim əsaslı şübhəmiz var ki, şirkətin məsul şəxsləri kobud səhlənkarlıq göstəriblər və bu, hadisənin baş verməsinə və yanğının nəzarətsiz yayılmasına səbəb olub”, – deyə polis açıqlayıb.

Xilasedici xidmətlər yanğınla bir gündən artıq mübarizə aparır və yuxarı mərtəbələrdə mənzillərdə qalmış sakinlərin xilasına çalışırlar.

Qeyd edək ki, yanğının baş verdiyi yaşayış kompleksi səkkiz binadan ibarətdir və təxminən iki min mənzili əhatə edir. Kompleksdə 4 600 nəfər yaşayıb. Mənzillərdə təmir işləri aparılıb və binaların fasadları ətrafı bambukdan hazırlanmış tikinti dayaqları və yaşıl torla örtülü olub. Güman edilir ki, yanğın ilkin olaraq təmir işləri zamanı məhz bambuk dayaqlardan başlayıb.

Bizi WhatsApp – da izləyin.